Monthly Archives: Şubat 2023

Allahını tanımayan, Ondan şikayətlənməməlidir

Bu gün insanlar zəlzələlərə görə Allaha inamsızlığını bildirməyə başlamışlar. Əvvəla bilmək lazımdır ki, zəlzələni Allah yox, yerin təkindəki təbii proseslər yaradır və bu da İlaha aiddir. Allah olacaq bu hadisələri öz seçilmişləri vasitəsi ilə əvvəlcədən xəbər verə bilərdi. Lakin mən o narazı xalqdan soruşuram: Məgər biz Allahımızı tanıyırıqmı? Allahın kimliyini, Onun İlahla fərqini anlayırıqmı? Biz Allahın necəliyini bilmədən, kimdən və ya nədən şikayət edirik? Biz Allahın insanı necə yaratdığını, onun cənnətdə ikinci həyat qazanması üçün nə qədər işlər gördüyünü bilirikmi? Xeyir, biz Allahımız haqqında heç nə bilmirik. Biz – islam, müsəvilik, xristianlıq, buddizm və s. adlı bütlər düzəldib, mənalarını dərk etmədən onlara sitayiş edirik. Biz öz aramızdan marifətsiz, hikmətsiz insanları din xadimləri seçib onlara qulaq asırıq və həqiqəti axtarmırıq. Məntiqlə biz etirazımızı yalnız o avam “din xadimlərinə” bildirməliyik. Allahını tanımayan insanın Allahdan şikayəti gülüncdür. Əvvəlcə Allahımızı tanıyaq, sonra Ondan şikayət edək.Allah, Özünü insanlara tanıtmaq üçün pirlər nəslini seçib, onlara elm, hikmət vermişdir. Bizim pir-bəglər, seyid-şıxlar nəsli adlandırdığımız bu seçilmişlər qədimdə Allah haqqında bütün sirləri bilir və insanların öləndən sonra ruhlarının cənnətə düşmələrinin yolunu öyrədirdi. Lakin zaman keçdikcə insanlar “təşəbbüsü” ələ alıb, öz istədiklərini din rəhbəri seçdilər və o gündən də cənnətdən qovuldular.Allahın seçdiyi pirlər, min illər insanlara kömək edib, Allahın onlara verdiyi nurla onlara xoşbəxt həyat bəxş edirdilər. Olacaq hadisələri əvvəldən bilən, lazımi vaxt yağış, qar yağdıran, xəstələrə şəfa verən, söz və fikirlərilə təbiətə təsir edən Allahın seçdiyi pirləri adi insanlara dəyişən xalq Allahdan şikayətlənməməlidir. Nə qədər ki, biz elmi-billaha, marifətullaha, hikmətə qayıtmayacağıq və Allahımızı tanımayacağıq, Allahdan kömək gözləməməliyik. Biz Allahımıza dönəcəyi gün Allah bizi bağışlayıb, yenidən bizlərə xoşbəxt həyat bəxş edəcəkdir.Firudin Gilar Bəg13.02.2023

Categories: Uncategorized | Yorum bırakın

“Hanı öydüyümüz bəg ərənlər…”

Kitabi Dədə Qorqudun sirli cümlələrindən biri
də bəg ərənlər haqqındakı -“Hanı öydüyümüz bəg ərənlər, “Dünya mənim” deyənlər” cümləsidir. Kitabda bəg ərənlərin “Dünya mənim” deyərək öyünməsi təbii ki, təsadüfi ola bilməz. Dünyanı özününkü, yalnız onun sahibləri saya bilər və bu o deməkdir ki, qədim dünyanın sahibləri məhz bəg ərənlər olmuşlar. Sahib sözü məntiqlə ya yaradana, ya da onu qanuni yolla başqasından alana deyirlər. Başqa sözlə, bəg ərənlər dünyanı ya özləri yaradıblar, ya da kimdən isə alıblar, qəbul ediblər.
Qədim mənbələrdə dünya dedikdə yaşadığımız fiziki dünya yox, göydəki dünya, yəni cənnət nəzərdə tutulur ki, Tövrata görə bu dünyanı Allah altı günə yaratmış, yeddinci gün isə dincəlmişdir. Qədim İran mənbələrində, göydə yaradılmış bu dünya Raman dünyası adlanır və bu da qədim Misirin Ra-Amon Allahının göydə yaratdığı dünya anlamındadır. Mətnlərdə bu dünya Arian, yəni Aran – ərənlərin mistik dünyası kimi də göstərilir və məhz bu dünyanın hesabına farnbaqlar (firon-bəglər) nəsli fövqəladə qüdrətə malik olmuşdular. Avestada və Əhəmənilərin Hörmüzü ilə bağlı təriqətlərdə, xoşbəxtliyin səbəbləri – qüdrətli və ədalətli hökmdar dünyasının olmasıdır. Qatalarda bu dünya – bilavasitə hakimiyyət, qüdrət, güclə əlaqələndirilib, xoşbəxt həyatın, inkişafın əsası sayılırdı. İran mənbələrinə görə ərənlərin İlahi qüdrəti farbaq/farnbaq odu ilə bağlıdır ki, bu da bəglərin far (fərr) adlanan İlahi odunun hesabına qüdrətli olması anlamındadır. Far/fərr rəmzi efir, yəni ilkin materiya mənasındadır və sufilər bu substansiyanı Hü, İlah adlandırırlar. Deməli, farbaq – “İlahla vəhdətdə olan bəg” deməkdir ki, sufizmdə bəg rəmzi, bəqa fazasında İlahla vəhdətə nail olmuş pirə, yəni firona deyilir. Tərikə yolunu gedən Türk bəqa fazasında, yəni bəglik məqamında İlahla vəhdətə nail olub, ondan ölümsüzlüyün və əbədi şahlığı yolunu öyrənir.


Sufizmdə Hu, İlah – göyləri təşkil edən energetik sahələrdir və bu sahələri qədim müdriklər səhra kimi də rəmzləndirmişlər. Hind fəlsəfəsində bu “sahəni dərk etmiş”, yəni bəqa səviyyəsinə yüksəlmiş insan kşetracna adlanır. Kşatriya isə, bu sahəni qurban ruhları ilə qarışdırıb, özünə tabe edən teurqa, yəni Türkə deyilir. Kşatriya təkcə göy sahələrinin sahibi deyil, o həm də İlahi qüdrətə malık olan deməkdir.
Bxaqavad-Gita kitabının ilk cümlələrindən aydın olur ki, döyüş səhnəsi adi sahədə yox, Dxarmo (Dxarmakşetra) sahəsində baş verir ki, burada Allahlar qurban mərasimi keçirirlər. Bu döyüş göylərlə “döyüş” mənasında, qurban ruhlarının İlahla qarışması və bundan sonra İlahın, göylərin Türk bəginə tabe olması deməkdir. Tövratda bu “döyüş” – Yaqubun (bəqa) Allahla güləşməsi kimi qeyd olunur ki, bundan sonra Yaqub – İsrail, yəni Osiris Allahı adlanır. Bu haqda mən – “Расшифровка Торы с помощью “язык птиц”. С кем боролся Иаков?” adlı məqaləmdə geniş yazmışam (sayt:
http://gilarbey.blogspot.com/2017/03/blog-post.html). Başqa sözlə, Türk bəgi bəqa fazasında İlahla vəhdətə nail olduqdan sonra o Asar/Azər, yəni Osiris Allahı adlanmağa başladı. Digər tərəfdən, qurban mərasimi nəticəsində göydə çadır formasında Osirisin ölüm şahlığı, ruhlar dünyası yaranır ki, bu dünya Tövratda Skiniya, yəni Allahın Sakinliyi adlanır. Məhz bu Skiniya ruhlar dünyası, hind mənbələrindəki – günahlardan, bədbəxtlikdən kənar brahman dünyası mənasındadır və bu da əbədi xoşbəxtlik səbəbi olan cənnət deməkdir.
Sufizmdə Brahman rəmzi Ba-Rahman (Bəsmələ-Rəhman), Kşatriya rəmzi isə Xaos-Taur, yəni ilkin materiyada yaradılmış İlahi “torpaq” deməkdir. Başqa sözlə, kşatriya – göylərdən yaranmış Oğuz bəgləri anlamındadır. Mənbələrdə onlar Muarye/Mariye də adlanırlar ki, bu da onların Midiya marları, amoreyləri, yəni miri seyid-bəgləri olması deməkdir. Onların Midiyadakı qalası Silxazi adlanırdı və bu da batini mənada “Oğuz-Ulusu” fikrini ifadə edir.
Alban mənbələrində, Oğuz bəglərinin göy sahələrini qurban mərasimi ilə özlərinə tabe etmələri – paronterlərin Sünik-Gelarkünidə “səhra tikməsi” kimi rəmzləndirilmişdir. Səhra “tikilib” qurtardıqdan sonra Sünik göylərində – “mələklərin yaşadığı məskən və müqəddəs səhra”, yəni cənnət var olmuşdur. Çin tarixçiləri bu müqəddəs səhra əhlini şato adlandırırdılar ki, onlar da “Böyük Monqollar” hesab olunan Cəlair nəslidir. Cəlair rəmzi isə elə Gelar, yəni Gelarküni rəmzinin ərəbləşmiş variantıdır. Türk mənbələrində şato rəmzi şad kimi keçir və şad-apıt formasında bəglərə aid edilir. Apıt – qədim Misirin Pta Allahıdır və o firon Amonun sözü və fikrinin obrazıdır. Mətnlərdən Yafət kimi də məlum olan Pta rəmzi qədim Misir yazılarında nəhəng bədənli Atum Allahının digər adı kimi keçir. Başqa sözlə, şad-apıt bəgləri elə Atum Allahının obrazı və bənzəri kimi yaradılmış ilk Allahlardır. Alban mənbələrində, bədəni ərazi kimi nəhəng göstərilən obraz Aran obrazıdır. Bu o deməkdir ki, qədim Misir mənbələrindəki kosmik Atum Allahı elə Alban mənbələrindəki Arandır.


Aran rəmzi qədim Misir mətnlərində Orion kimi qeyd olunur və göydəki Duat ölüm şahlığının yerləşdiyi bürcü bildirir. Qədim Misirin ilk pir-fironu Amon öləndən sonra onun ruhu, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşərək Ra-Amona çevrilib, Orion bürcünə qalxmışdı. Göydə ölümsüzlük qazanan Ra-Amon Allahı məhz bundan sonra Osiris Allahı adlanmağa başladı. Firon Amonun göydə ölümsüzlük qazanmış ruhu yazılarda Osiris-Orion, yəni Orion bürcündəki Osiris kimi də qeyd olunur. Pir-firon Amondan sonra, onun Qor fironları nəslinin nümayəndələri də öləndən sonra, ruhları onun bu yolunu təkrarlayaraq, Osiris Allahlarına çevrilib Orion bürcünə, buradakı Duat ölüm şahlığına köçürlər. Bunlar haqda mən, “Расшифровка древнеегипетских текстов с помощью «языка птиц» царя Соломона” adlı məqaləmdə geniş yazmışam (sayt: https://firudin.blogspot.com/2021/08/blog-post.html?m=1).
İslamda Qor yolu ilə gedənlər – “əhli-sünnə vəl-cəmaa”, yəni “Məhəmməd peyğəmbər və onun əshabələrinin yolunu gedənlər” adlanırlar. Əhli-sünnə, yəni Süni-Sina dağında yaşayan Süni şahzadələri mənbələrdə Aranşahlar nəsli də adlanır ki, bu da onların Aran-Orion bürcündəki Duat cənnətində ölümsülük qazananlar nəsli olması deməkdir (Məqaləm: “Əhli-sünnə və onların ağlasığmaz sirləri”, sayt: https://firudin.blogspot.com/2023/01/hli-sunn-v-onlarn-aglasgmaz-sirlri.html?m=1). Onların dini də İsna-Aşəriyə adlanırdı ki, bu da “Süni (Sina) dağındakı Aşər, yəni Azər/Osiris Allahı” fikrini ifadə edir.
Qədim Misir və İsmaililərin Duat adlandırdığı cənnətin sahibləri ərəb mənbələrində Dai adlanır və bu da Deo/Teos mənasında Allah deməkdir.
Bütün bunlardan çıxan nəticə odur ki, Kitabi Dədə Qorquddakı öyünən və “Dünya mənim” deyən bəg ərənlər – öləndən sonra Osiris (Azər) Allahına çevrilib Orion bürcündəki cənnətdə ölümsüzlük qazanan pirlər nəslidir. Onların “Dünya mənim” deməsi də göydəki Osiris ölüm şahlığının, yəni cənnətin onların olması mənasındadır. Göydə ruhlar dünyası yaradıb, adi insanlara xoşbəxt həyat bəxş edən, möminlərin də onların cənnətinə düşməsi üçün Tərikə yolu yaradan pirlərin öyünməyə həqiqətən haqqları vardır. Çünki onlar insan nəslini heyvan səviyyəsindən çıxarmaq üçün, onların beyninə yeni qat əlavə edib, onları düşünən insana çevirmişlər. Bu gün bütün bəşəriyyət düşünən insan kimi yaşadığına görə Azəri Türk pir-bəglərinin əcdadına mənəvi borcludur. Təəsüf ki, insanların marifətullahdan, qədim həqiqətlərdən xəbərləri yoxdur və onlara səadət bəxş etmiş Allahını belə tanımırlar.
Bunlar haqqında daha ətraflı məlumatlar, təkzibolunmaz faktlar və mənbələr, müəllifi olduğum Batini-Quran kitabında və çoxsaylı məqalələrimdə verilmişdir.

Firudin Gilar Bəg
07.02.2023

Categories: Uncategorized | Yorum bırakın

Nəsiminin şeirlərində “Quş dili” məntiqi

 

  “Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir.

Bildiyimiz kimi 2019-cu il ölkəmizdə “Nəsimi ili” elan olunmuşdur. Ortaya çıxan problem isə ondan ibarətdir ki, Seyid İmadəddin Nəsimi fəlsəfəsi adi insanlar üçün dərkolunmazdır. Nəsimi dəryasının dərinliyinə baş vurmaq üçün, onun öz dilini, fəlsəfəsini bilmək vacibdir. Nəsiminin dili isə, özünün dediyi kimi “Quş dili”dir və bunu yalnız Süleyman peyğəmbər bilmişdir. Məşhur sufi alimi Mühiddin İbn Ərəbi “Quş dili”ni – “Süleyman pilləsi” adlandırır və bildirir ki, bu “pillə” – dünyanın ən ali insanları olan Məhəmməd peyğəmbərin nəslinə verilmişdir. Deməli, Seyid Nəsiminin şeirlərinin gizli mənalarını, dünyanın ən ali insanları olan seyid-bəglər nəslinə mənsub sufilər anlaya bilər.“Quş dili”ni bilməyən insanın Nəsimi şeirlərinə şərh verməsi, onun, ya özünü, ya da oxucuları cahil yerinə qoyması deməkdir.
Bu məqalədə biz Nəsiminin bir neçə misrasının sufi-batini mənasını açmaqla, bu fəlsəfənin dərinliyini oxuculara göstərəcəyik.

Sirri ənəlhəq söylərəm aləmdə, pünhan gəlmişəm,
Həm həqq derəm, həqq məndədir, həm xətmi-insan gəlmişəm.
Həm Lövhü Tövrati Zəbur, İncilü, Qurani Şühəf,
Həm mən kəlami-natigəm, həm cəmi Quran gəlmişəm.
Həm ayəti-rəhman mənəm, həm rəhməti-rəhman mənəm,
Həm vəhyi-mütləq söylərəm, həm nuri-yəzdan gəlmişəm.

Bu şeirində Nəsimi özünü İlahi sirləri bilən “gizli imam”, Allah kimi təqdim edir və “xətmi-insan”, yəni Kamil İnsan nəslinin sonuncusu adlandırır. Digər tərəfdən, o burada özünü, Rəhman Allahla və bütün müqəddəs kitabların gizli mənalarını dərk edən, “Danışan Quran” anlamında İmam Əli ilə eyniləşdirir. Onun vəhyləri dəqiq anlaması və özünü “İlahinin nuru” adlandırması isə o deməkdir ki, Nəsimi burada özünü İmam Mehdi kimi göstərir.
Sufi-batinilərin “Quş dili”ndə İmam Əli obrazı Mehdi Sahib əz-Zamanın obrazıdır. Batinilikdə Məhəmməd peyğəmbər – yaranışdan axirətə qədər (5500 il) dünyanı idarə edən Rəhman Allahın obrazı, Mehdinin obrazı isə axirətdən sonrakı dövrlərdə (2200 il) dünyanın sahibi olacaq Allahın obrazdır.
Nəsimi, şeirində – “Məndə sığar iki cahan, mən bu cahana sığmazam” deyir ki, iki cahanın bir bədəndə mövcudluğu – insan bədənindəki ruhun, iki dünyanın ruhuna çevrilməsi deməkdir. Ruhun belə bir metamorfozası yalnız Əvvəldə və Axırda gələn Allaha aidir. Əvvəldə gələn Allah – qədim Misirin ilk fironu Amon olmuşdur. O öləndən sonra, ruhu, əvvəlcədən göydə yaratdığı Ra diski ilə birləşmiş və iki dünyanın sahibi Ra-Amon/Rəhman Allaha çevrilmişdir. İkinci belə bir ruh isə axirətdə gələcək Mehdidə olacaq ki, o da öləndən sonra, ruhu iki dünyanın ruhuna çevriləcəkdir. Deməli, Nəsiminin şeirlərindəki obrazı, axirətdə gələcək Mehdinin obrazıdır.
“İki dünya” dedikdə sufi məntiqində – yerdəki fiziki dünya və pir/firon Amonun göydə yaratdığı ruhlar dünyası, yəni cənnət başa düşülməlidir. Qədim Misir fəlsəfəsində bu iki dünya Atum adlı Kosmin İnsanın bədənindədir. Bu Kamil İnsanın ayağa durduğu yer – fiziki dünya, onun göydəki bədəni isə ruhlar dünyasıdır. Bu yaradılış haqda mən “Budda – göydə Allah yaratmış Azəri bəgidir” adlı məqaləmdə yazmışam (http://gilarbek.blogspot.com/2013/09/budda-goyd-allah-yaratms-azri-bgidir.html). Deməli, “iki cahanı” bədənində “daşıyan” Nəsimi – “iki dünyanın sahibi” olan Ra-Amon Allahının axirətdə gələcək obrazıdır.

Gəl, ey mömin, mənim canım Əlidir,
Nə can, kim bil ki, cananım Əlidir.
Nəsimiyəm, Əli mədhin oxuram,
Ki, bülbül-Gülüstanım Əlidir.

Nəsimi burada Əlini – öz canı adlandırır ki, bu da batini mənada Nəsimi obrazına aiddir. Sufizmdə hər bir adın batini mənası var ki, bu da bilavasitə Allahla bağlıdır. “Nəsimi” (N-SM) rəmzi sufizmdə “Sim” (SM) rəmzindən yaranmışdır və bu rəmz Tövratda Musa (MS) kimi keçir. Ümumilikdə Sim/Musa rəmzləri sufizmdə – göyləri və Musa peyğəmbərin bu səmada yaratdığı Vəhy Çadırını (cənnətin obrazı) bildirir. Musanın uşaq ikən zəmbildə çaya atılması və zaman sularından yenidən quruya çıxması onu deməyə əsas verir ki, bu obraz, Allahın “Dünya”nı var etdiyi zaman yaradılmış və göy cənnətində axirətə qədər qalmış Mehdinin obrazıdır. Deməli, batinilərdə Nəsimi rəmzi – göylərin və bu göylərdə yaradılmış Kosmik İnsanla bağlı rəmzdir.
Nəsimi, şeirində İmam Əlini həm də cananı adlandırır. Sufizmdə Əli obrazı çox dərin mənalar verir ki, bunu anlamaq üçün ilkin mənbələrə nəzər salmaq lazımdır. Əli (L) rəmzi yəhudilərdə El (L) kimi məlumdur və “Allah” mənasını verir. Tövratda El-Eliyon, yəni Əli-Əliyyün – Uca Allah deməkdir. Quranda da Əliyyün rəmzi Uca, Ali anlamındadır. Tövratda El-Eliyon rəmzi – axirətdə gələcək Melxisedek obrazına aid edilir və Melxisedek burada “El-Eliyonun kahini”, “Yerin Göyün Hökmdarı”, “Səlim şahı” adlandırılır (Библия, Быт. 14:1-17). Tövratda Səlim şəhəri – həm yerdəki Yerusəlimə və həm də “ruhlar dünyası” mənasında göydəki Səlim şəhərinə aid edilir. Sufi-batinilərdə “Səlim” (SLM) rəmzi ilə eyni mənalı “İslam” (SLM) rəmzi mənbələrdə İslam ərazisi, İslam dairəsi (Dar üs Səlam), İslam Evi və s. mənalarında işlənir ki, bu da Səlim şəhəri ilə eyni fikri bildirir.
“Din” (DN) rəmzi isə Qurandakı Ədn/Eden (DN) cənnətinin rəmzi ilə eyni məna daşıyır və bu da İslam dininin “cənnət” fikrini ifadə etməsi deməkdir.Mühiddin İbn Ərəbi İslam dinini ölümlə əlaqələndirir və qeyd edir ki, Allah, İslam dinini və müsəlman kimi ölməyi İbrahim və Yaqub oğullarına vəsiyyət etmişdir. Burada “din” rəmzi əlif və lam səsləri ilə, yəni “Əl” kimi qeyd olunur ki, bu da İslam dininin göydəki El, Vilayət, Dünya mənasında olması anlamındadır (İbn Ərəbi, “Füsus ül Hikəm”,8). İbn Ərəbi bildirir ki, Allah – insan ruhunun, ölüm zamanı göydə yaradılmış bu dünyaya düşməsinin qanununu yaratmışdır və bu qanuna tabe olanın, yəni müsəlmanların ruhları məhz ora qayıdır. Bu isə o deməkdir ki, Səlim/İslam ərazisi, şəhəri – cənnət, ruhlar dünyası anlamındadır. İslam dini də möminin öləndən sonra, ruhunun bu cənnətdə ömrünü davam etdirməsi üçün qanunlar toplusudur. Başqa sözlə, batinilərə görə, Səlim/İslam şəhəri – göydəki cənnət Elidir, ruhlar Vilayətidir. Tövratdakı Səlim şahı El-Eliyun da İslamın Əli-Əliyyunudur və o Yerin Göyün Allahıdır.
Tövratda El rəmzi El-Şadday formasında “Qüdrətli Allah” mənasını verir. Buradakı Şadday rəmzinin kökü olan Şad/Sad (ŞD/SD) rəmzi dilimizdə “seyyid” kimi qalmışdır. İslamda da Allahın adlarından biri “Seyyid”dir. Qədim türk mənbərində Şadday/Seyyid rəmzi – “şad apıt bəgləri” kimi keçir və göydə Tanrı yaratmış türk bəylərinə aid edilir. Bu isə o deməkdir ki, El Allahı – türk bəglərinin teurqiya ilə göydə yaratdığı Allahdır. Türklərin “Moyun Çor” abidəsində türk xanı iddia edir ki, məhz O: “Tanrıda olmuş, El yaratmış müdrik xaqandır. “Bilgə Xaqan” abidəsində isə, göydə yaradılışmış bu El özü – Tanrı, yəni Allah adlandırılır. Bu isə o deməkdir ki, qədim mənbələrdə El Allahı dedikdə, göydə yaradılmış Göy Türk xaqanlığı, Eli, Vilayəti nəzərdə tutulur. Bu Eldə, Vilayətdə türk bəgləri ölümsüzlük qazandığı üçün göydəki bu dünya qədim Assur, Misir yazılarında “ölməzlər yurdu”, yəni cənnət adlandırılır. Bu haqda daha geniş məlumat, müəllifi olduğum “Ledun elmində İmam Əli obrazı” adlı məqaləmdə verilmişdir (http://gilarbek.blogspot.com/2012/08/ledun-elmind-imam-li-obraz.html).
Bütün bunlar o deməkdir ki, Əli obrazı – Kosmin İnsan formasında olan və bədəni ilə iki dünyanı birləşdirən İlahi Varlığın obrazıdır. Şumerdə bu Kosmin İnsan – Luqal adlanırdı ki, sufilər Luqal (LQ-L) rəmzini İlahi-El (LH-L), yəni İlahi-Əli kimi oxuyurlar. İslamda İlahi-Əli rəmzi Əli-İlahi kimi məlumdur və təriqətlərdən birinin adlıdır. Əli-İlahi təriqətində İmam Əli Allah kimi göstərilir. Onlar Allah (LLH) kəlməsini də Əli-İlahi (L-LH) kimi oxuyurlar.
Digər tərəfdən, qədim Şumerdə “İlahi” rəmzi Asar, yəni qədim Misirin Osiris/Azər Allahına aid edilərək mənbələrdə Asar-Luhi, yəni Azər-İlahi kimi yazılır. Deməli, Əli-İlahi elə şumerlərin Asar-İlahisidir. Bu isə o deməkdir ki, İmam Əli (El Allahı) obrazı elə Asar, yəni qədim Misirin Osiris/Azər Allahıdır. İmam Əlinin də axirətdə gəlməli olan Mehdi obrazında göstərilməsi, onun qədim Misirdəki “Ölüb-dirilən Osiris Allahı”nın obrazı olması deməkdir.
Nəsiminin İmam Əlini canı, cananı adlandırması o deməkdir ki, Nəsimi burada El/Əli adlı Kosmin İnsanın ruhu anlamındadır. Hər bir canlı varlıq bədəndən və ruhdan ibarətdir ki, bu kosmik varlığın da bədəni El/Əlidir. Batinilərə görə, məhz axirətdə, insan kimi doğulmuş Mehdinin ruhu göyə qalxaraq, El ilə birləşəcək və ona ruh verəcək. Başqa sözlə, axirətdə adi insan kimi doğulmuş Mehdi öldükdən sonra, onun ruhu göyə qalxaraq, Kosmin İnsanın ruhuna çevriləcək və Kosmin İnsanı dirildəcək. Bununla da Kosmin İnsan-Allah canlanacaq və dünyanın yeni sahibi zühur edəcək. Nəsiminin İmam Əlini canı, cananı adlandırması da sonda onunla birləşməsi anlamındadır. Nəsiminin dərisinin diri-diri soyulması da rəmzi mənadadır və bu rəmz – insan ruhunun, fiziki bədəni tərk edərək yeni forma alıb, ruhlar dünyasında ölümsüzlük qazanması mənasındadır. Nəsimi bu ruhlar dünyasını Gülüstan, ruhu isə bulbul quşu adlandırır.
Gülüstan rəmzi batinilərdə Gel-İstan, yəni Gel ölkəsi deməkdir. Qədim Misir mənbələrində bu Gel ölkəsi Geliopol, yəni Gel şəhəri adlanırdı. Məhz bu şəhərdə Allah “Dünya” yaratmışdır və qədim dünyanın bütün sirləri də məhz bu şəhərlə bağlıdır. Yazılara görə, axirətdəki diriliş də məhz burada baş verməlidir. Mənbələrə görə, Nəsimi Hələb şəhərində edam olunmuşdur ki, Hələb rəmzi sufizmdə Gel-Ba mənasında Gel elinin Ba Allahı deməkdir. Qədim Misirdə Ba Allahı (İslamda Bəsmələ) dedikdə, ruh mənasında olan ölümsüzlük qazanmış Benu quşu nəzərdə tutulurdu. Benu quşunun yaşadığı ölkə isə El-Benu, yəni Alban ölkəsidir. Maqarlı isə odur ki, erməni mənbələrində Alban ölkəsinin bir adı da Alu, yəni Əlidir (El). Assur mənbələrində Alu adlı bu göy cənnətinin, yəni İç Oğuzun yaradılması haqda mən “Assuriya – qədim Azərbaycan ölkəsidir” adlı məqaləmdə yazmışam (sayt: http://gilarbek.blogspot.com/2013/10/assuriya-qdim-azrbaycan-olksidir_29.html).
Deməli, Nəsiminin “Quş dili” – göydəki cənnətdə quş formasında ölümsüzlük qazanmış müqəddəs ruhların dilidir. Ruh isə göyləri təşkil edən ilkin materiyanın bir “damlası”dır. Başqa sözlə, Nəsiminin “Quş dili”- sufilərin “Hü”adlandırdıqları İlahın “dili”dir. Tövrata görə, bu dil – Şərqdən gələn və bir dildə danışan Assurların dili olmuşdur. Onlar Babil qülləsini tikmiş və məhz bundan sonra Allah onların bu “Quş dili”ni 70 dilə parçalayaraq, onları “Dünya”ya səpələmişdir. Babil qülləsinin, Sünikdə tikilmiş Albaniyanın “rəmzi” olmasını nəzərə alsaq anlayarıq ki, bütün qədim müdriklər kimi Nəsimi də öz yaradıcılığını Allaha və Onun bu dünyada yaratdıqlarına həsr etmişdir. Sufi məntiqinə görə bu dünyada yaradıcı Allahdan və onun seçilmişlərindən başqa heç kim yazılarda qeyd olunmağa laiq deyildir. Çünki bütün insaniyyət bu Tək Allahın “Əzəl Yazısı”dır.
Bütün bunlar haqda daha geniş məlumatlar, müəllifi olduğum ”Batini-Quran” kitabında və məqalələrimdə verlmişdir.

Firudin Gilar Bəg
05.02.2019

Categories: Uncategorized | Yorum bırakın